Daha bir şəhid bulağının açılışı olub
İsmayıllı rayonunun Zoğallıq kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhid Taleh Qənbərlinin ad günündə Vətən övladlarının xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.
Öncə şəhid Taleh Qənbərlinin Quşencə kəndində məzarı ziyarət olunub, gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bulaq kompleksinin önünə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən RİH başçısı Nahid Bağırov 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan qələbədə şəhid Taleh Qəmbərlinin də rolunun olduğunu vurğulayıb. Abidənin inşasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, şəhid Talehin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Ə.Babayev adına Quşencə kənd tam orta məktəbin şagirdləri Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Bulaq açılışından sonra mərasim iştirakçıları şəhid Taleh Qənbərlinin ailəsini evində ziyarət ediblər.