Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov İsmayıllı şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov 5 yanvar 2023-cü il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulunu keçirib.
Əvvəlcə, nazir Kəmaləddin Heydərov və RİH başçısı Nahid Bağırov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən İsmayıllı və Ağsu rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.