Gənclər günü münasibətilə İsmayıllıda səhiyyə sahəsində çalışan gənclərlə görüş keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti, YAP-ın İsmayıllı rayon təşkilatı, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclik və sağlamlıq: gələcəyə birlikdə” adlı gənc tibb işçiləri ilə görüş keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, YAP-ın İsmayıllı rayon Təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarənin əməkdaşları, İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vidadi Rəhimov və xəstəxananın gənc tibb işçiləri iştirak ediblər.
Çıxış edənlər “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün tarixi əhəmiyyətindən, dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, həmçinin səhiyyə sahəsində çalışan gənc tibb işçilərinin cəmiyyətdəki rolundan bəhs ediblər.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi gənclərin peşəkar inkişafına dəstək verir, onların motivasiyasını artırır və səhiyyə sahəsində fəaliyyət göstərən gənclərin əməyinin qiymətləndirilməsinə xidmət edir.
Tədbirin əsas məqsədi “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün qeyd olunması və tibb sahəsində çalışan gənclərin fəaliyyətinin təqdir edilməsi olub.
Sonda bir qrup səhiyyə sahəsində çalışan gənclər mükafatlandırılıb.






