“Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsinin açılışı keçirilib
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və YAP İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda “Heydər Əliyev məktəbi” layihəsinin gənclərin dövlətçilik ənənələrinə sadiq, yüksək vətəndaş məsuliyyətinə malik, təşəbbüskar və lider ruhlu şəxsiyyətlər kimi formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, proqram gənclərin bilik və bacarıqlarının artırılmasına, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarına xidmət edir.
Açılış mərasimindən sonra gənclər arasında komanda şəklində idman oyunları və əyləncə proqramları təşkil olunub.






