İnsan alveri ilə mübarizə tədbiri
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnsan alveri ilə mübarizə: insan hüquqlarının müdafiəsidir” ictimai maarifləndirmə kampaniyasının təşkili adlı təlim keçirib.
Açılış İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzedicisi Xatira Bağırova tərəfindən edilib. Təlimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, layihə rəhbəri Fariz Əkbərov, təlimçi, Vəkillər Kollegiyasının üzvü vəkil Namiq Həşimov və hüquqşünas tərəfindən iştirakçılara insan alverinə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması, potensial qurbanların və gənclərin maarifləndirilməsi, qanunvericilik tələblərinin izahı, qurbanlara hüquqi və psixoloji yardım göstərilməsi, zorakılıq hallarının azaldılması məqsədilə icmalarda maarifləndirmə işlərinin aparılması barədə məlumat verilib. Həmçinin dövlət qurumları və hüquq-mühafizə orqanlarının erkən aşkarlama və müdaxilə bacarıqlarının gücləndirilməsi, insan alverinin qarşısının alınması üçün müxtəlif social təbəqələrdə təbliğat işlərinin təşkili, qurbanları gözləyən təhlükələr və mövcud müdafiə tədbirləri, inzibati və cinayət-hüquqi mexanizmlər barədə danışıqlar aparılıb.
Təlim maraqlı diskussiya və müzakirə formasında başa çatıb.






