“İsmayıllı Mənzərələri” adlı etüd-sərgi baş tutub
İsmayıllı rayonunda YAP Yasamal Rayon Təşkilatının, Milli Məclisin deputatı Novruzəli Aslanovun , İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində " İsmayıllı mənzərələri” adlı etüd - sərgi baş tutub.
Öncə etüd iştirakçılarını İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova və rayon ziyalıları qarşılayıblar.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə respublikamzın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılar Mərkəzdə İsmayıllıdan olan rəssamların əl işləri və Basqal kələğayıları ilə tanış olublar. Qonaqlara Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən fotolar haqqında məlumat verilib.
Səfər çərçivəsində İsmayıllı Rayon Mədəniyyət evində gənc rəssamların əl işləri sərgilənib. Sərginin sonunda rəssamlar diplomlarla təltif olunublar.
Rəssamlar həmçinin Yapon bağı və Babək küçəsində yaradılmış divar rəsmləri ilə tanış olublar.
Xatırladaq ki, 5 ildir ki həyata keçirilən layihənin rəhbərləri Elnurə və Aygün İsgəndərovalardır və əsas məqsəd bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.