Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı nümayəndə heyəti Bilgəh Ahıllar evini ziyarət edib

17 noyabr 2026 | 12:51

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, İsmayıllı Rayon Ağsaqqallar Şurasının təşəbbüsü, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının və Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin dəstəyi ilə Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə səfər təşkil olunub.

Səfər iştirakçıları əvvəlcə İsmayıllı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Bakı şəhərinə yola düşən nümayəndə heyəti Ahıllar evinin sakinləri ilə görüşüb, onlarla səmimi söhbət aparıb və müəssisədə yaradılan şəraitlə tanış olub.

Görüş zamanı sakinlərə İsmayıllının yerli məhsullarından, meyvə və şirniyyatlardan ibarət qutu sovqatlar təqdim edilib. Bu təşəbbüsə dəstək göstərərək öz məhsullarından pay göndərən İsmayıllıda fəaliyyət göstərən Coca-Cola zavoduna təşəkkür bildirilib.

Tədbirdə İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xudiyev çıxış edərək sakinləri İsmayıllı ictimaiyyəti adından salamlayıb, onlara göstərilən dövlət qayğısından və müəssisədə yaradılmış şəraitdən məmnunluğunu ifadə edib.

Görüş İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin musiqiçilərinin və “Lahıc Folklor” ansamblının iştirakı ilə davam edib. Ansamblın solistləri, Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Sahibə Abdullayeva və xanəndə Qalib Güləliyev rəngarəng musiqi nömrələri ilə ahıllara xoş anlar yaşadıblar. Mahnılar alqışlarla qarşılanıb, iştirakçılar birlikdə rəqs edərək sevinc dolu anlar yaşayıblar.

Səmimi və xoş ovqatda keçən görüşün sonunda sakinlər göstərilən diqqət və qayğıya görə qonaqlara və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Səfərin əsas məqsədi ahıl insanlara mənəvi dəstək göstərmək, onların asudə vaxtını xoş və yaddaqalan etmək, cəmiyyətimizdə yaşlı nəslə diqqət və qayğı ənənələrini daha da gücləndirmək olub.

Keçidlər