Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xalq şairi Musa Yaqubun (1937-2021) zəngin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib

16 may 2026 | 18:04

Poeziyasında Vətən sevgisini, təbiətin saflığını və insan ruhunun incə duyğularını böyük ustalıqla əks etdirən şairin xatirəsi tədbirdə dərin ehtiramla yad olunub.

Tədbirdən əvvəl Musa Yaqubun həyat və yaradıcılığına həsr edilmiş sərgiyə baxış keçirilib. Sərgidə şairin müxtəlif illərdə çap olunmuş kitabları, yaradıcılığını əks etdirən materiallar, eləcə də müxtəlif rəssamlar tərəfindən çəkilmiş portretləri nümayiş etdirilib. Tədbir iştirakçıları sərgi ilə tanış olarkən şairin poeziya dünyasına bir daha səyahət ediblər.

Xatirə gecəsi Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canından keçmiş şəhidlərin və Azərbaycanın söz sənətində silinməz iz qoymuş Xalq şairinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, Milli Məclisin deputatı Novruz Aslan, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar Soltan, şair Baba Vəziroğlu, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov və bədii qiraətçi Pünhan İsmayıllı çıxış edərək Musa Yaqub yaradıcılığının Azərbaycan ədəbiyyatındakı mühüm yerindən danışıblar. Bildirilib ki, şairin poeziyasında dağların nəfəsi, kənd həyatının səmimiyyəti, insanın daxili aləmi və doğma torpağa bağlılıq xüsusi poetik dillə ifadə olunub.

Gecənin bədii hissəsində“Niyal“instrumental ansamblının müşayiəti ilə, “Tərəqqi “ medallı, Əməkdar Mədəniyyət İşçisi Sahibə Abdullayeva, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü Aşıq Elman Mehdiyev, Teymur Əziz və İsmət İsmayıllı tərəfindən şairin sözlərinə bəstələnmiş musiqilər səsləndirilib. Səslənən nəğmələr və poetik nümunələr tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Tədbirin ən yaddaqalan məqamlarından biri isə Xalq Teatrının hazırladığı “Kölgə” tamaşasının nümayişi olub. Musa Yaqub yaradıcılığı əsasında hazırlanan səhnə işi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Nilufər Mursalıyeva çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra şairin nəvəsi Rüfət Qarazadə ailəsi adından çıxış edərək babasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını ifadə edib.

Rüfət Qarazadə çıxışında bildirib ki, bu gün sadəcə xatirə gecəsi deyil, həm də böyük şairin əbədiyyət günüdür. Onun sözlərinə görə, əsl söz adamının həyatı ölümündən sonra başlayır və şairi yaşadan da məhz onun poeziyası, oxucularının sevgisi olur.“Bu gün nəinki onun oxucuları, doğmaları və sevənləri, əslində hər kəs onu yaşadır, xatirəsini yad edir. İnanıram ki, bundan sonra da, bizdən sonrakı nəsillər də Musa Yaqub poeziyasını yaşadacaq. Onun bir nanə yarpağı kimi kövrək, saf və duyğulu şeirləri həmişə yaşayacaq”, – deyə o vurğulayıb.

Keçidlər