İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib
25 yanvar 2023-cü il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib.
RİH-də komitə üzvlərinin iştirakı ilə təşkil olunan tədbiri komitə sədri, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Şahin Hüseynov giriş sözü ilə açaraq rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü tədbirlərin həyata keçirildiyini, yeni iş yerlərinin yaradıldığını bildirib.
Komitə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın hazırlandığını və həmin planın icrasının səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib, bu istiqamətdə rayonda həyata keçiriləcək tədbirlərin səmərəliliyini artırmaq və real nəticələr əldə etmək üçün təkliflərini bildiriblər.
Tədbirdə həmçinin əlaqələndirmə komitəsinin fəaliyyəti, məşğulluqla bağlı qəbul olunmuş hüquqi-normativ aktlar və işəgötürənlə işədüzələn arasında bağlanan əmək müqavilələrinin əhəmiyyətindən, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən danışılıb.
Sonda yığıncağın Qərar layihəsi oxunub, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.