İsmayıllı Rayon İcra Hakimiyyətində geniştərkibli müşavirə keçirilib
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı RİH başçısının İƏD üzrə nümayəndələri ilə yanaşı, rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, həmçinin bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə ilk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Baku–Khankendi Azerbaijan Cycling Race” beynəlxalq velosiped turunun yüksək səviyyədə təşkili ilə bağlı məsələlər müzakirə olunub. Tədbirin rayon ərazisində təhlükəsiz və təşkilati baxımdan yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Daha sonra rayon üzrə qanunsuz tikintilərin qarşısının alınması, mövcud vəziyyətin qiymətləndirilməsi və bu sahədə görüləcək tədbirlər barədə geniş müzakirələr aparılıb. Bildirilib ki, qanunsuz tikililərlə bağlı monitorinqlərin davamlı aparılması, qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi əsas prioritetlərdəndir.
Eyni zamanda qanunsuz torpaq zəbtinin qarşısının alınması istiqamətində nəzarətin artırılması, torpaq fondunun qorunması və qanunvericiliyin tələblərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
Tədbirdə dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməsi, vətəndaşlarla ünsiyyətdə peşəkarlığın, şəffaflığın və məsuliyyətli fəaliyyətin təmin olunması mövzularında da müzakirələr aparılıb.
Müşavirənin keçirilməsində əsas məqsəd xidmət proseslərinin təkmilləşdirilməsi, mövcud problemlərin operativ həlli, idarələrarası koordinasiyanın gücləndirilməsi və vətəndaş məmnunluğunun artırılması olub.






