İsmayıllı rayonu ərazisində aparılan qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı komissiya yaradılıb
Son zamanlar rayon ərazisində çoxsaylı qanunsuz tikintilərin müəyyən olunması və vətəndaşlar tərəfindən belə tikintilərin sənədləşdirilməsi ilə bağlı müraciətlərin edilməsi halları artıb. Bu kimi hallara yol verilməməsi məqsədilə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
RİH-nin başçısı Nahid Bağırov qeyd edib ki, qanunsuz tikililər ciddi qanun pozuntusu olmaqla bərabər, gələcəkdə vətəndaşların özləri üçün də böyük problemlər yaratmaqla mülki mübahisə predmetlərinə çevrilir. Həmin tikililərin sökülməsi və ya dövlət vəsaiti hesabına konpensasiya edilməsinin çətinliklər yaratdığını vurğulayaraq aidiyyəti təşkilatların bu işdə məsuliyyətini diqqətə çatdırdı. Xüsusi ilə də rayon ərazisindən keçən avtomobil yollarının kənarında, rayon daxili əsas turizm marşrutlarının ətrafında primitiv görkəmli, standartlara uyğun olmayan, İsmayıllı şəhərinin və digər yaşayış məntəqələrinin memarlıq görkəminə xələl gətirən tikililərin qarşısının alınması üçün komissiyanın qarşısında ciddi tələblər qoyulmuşdur.
Rayon rəhbəri qeyd edib ki, hər hansı tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə müəyyən olunmuş müvafiq rəsmiləşdirmə işləri aparıldıqdan sonra həyata keçirməlidir. Qanunsuz tikintilərin həyata keçirilməsi halları baş verdikdə həm vətəndaşlar, həm də bu işlərə himayədarlıq edən vəzifəli şəxslərlə bağlı qanunamüvafiq qaydada ciddi tədbirlərin görüləcəyi bildirilib.