İsmayıllı rayonu üzrə Uşaq Səfirlər Məclisinin üzvləri ilə növbəti görüş keçirilib
20 iyun 2025-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov rayon üzrə Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüş keçirib.
Uşaqları salamlayan Nəsimi Teymurov Uşaq Səfirlər Məclisinin fəaliyyətini yüksək qiymətləndirib və onu rayon üçün vacib ictimai platforma kimi səciyyələndirib. O, Məclis üzvlərinin sosial fəallığının, təşəbbüskarlığının və liderlik bacarıqlarının gənc nəslin inkişafında mühüm rol oynadığını vurğulayıb.
N.Teymurov çıxışında Azərbaycanın uşaq hüquqları sahəsindəki uğurlu addımlarına toxunaraq, ölkəmizin beynəlxalq öhdəlikləri və təşəbbüslərinin əhəmiyyətindən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə qoyduğu təməllərin bu gün də uğurla davam etdirildiyini qeyd edib və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər və uşaq siyasətini xüsusilə önə çəkib.
Görüş zamanı 2025-ci ilin ikinci yarısı üçün nəzərdə tutulan tədbirlər planı müzakirə olunub. Uşaqlar tərəfindən irəli sürülən layihə təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb və yeni ideyalarla bağlı geniş dialoq qurulub.
Sonda Nəsimi Teymurov uşaqlara daim öyrənməyə, müasir dünyanı izləməyə və öz bacarıqlarını inkişaf etdirməyə çağırış edib. O, sağlam düşüncə, güclü iradə və ictimai məsuliyyətin hər bir gəncin yol yoldaşı olması gərəkdiyini vurğulayıb.
Görüşdə İsmayıllı rayonunun ümumtəhsil müəssisələrindən yeni seçilmiş Məclis üzvləri də iştirak ediblər.






