Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda Milli Qəhrəman general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş sinif otağının açılışı olub

26 may 2022 | 16:50

İsmayıllı rayonunun İvanovka kəndində şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun xatirəsinə həsr olunmuş çağırışaqədərki hazırlıq otağının açılışı olub.

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Qəhrəmanın anası Səmayə Həşimova, qardaşı İlham Həşimov, icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, şəhid ailələri və məktəbin pedaqoji kollektivi iştirak edib.

Tədbir iştirakçıları Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin həyətində əsgər marşının sədaları ilə qarşılanıb. Qonaqlar və tədbir iştirakçıları Ulu Öndərin abiəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Daha sonra Milli Qəhrəman Polad Həşimovun anası sinif otağının önünə vurulan baraleyfin açılışını edib. Tədbir iştirakçıları Polad Həşimovun həmçinin İvanovka kəndindən olan şəhid Etibar Şirinovun adını daşıyan sinif otaqlarına baxış keçirib, onların xatirəsini əks etdirən güşə ilə tanış olublar.

General-mayorun xatirəsinə həsr olunmuş tədbirdə Dövlət Himni səsləndirilib, Milli Qəhrəmanın və  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra genarol-mayorun həyat və döyüş yolunu əks etdirən filmə baxılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək Polad Həşimovun anasını və şəhid ailələrini salamlayıb, Milli Qəhrəman Polad Həşimovun və bütün şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının ürəyində hər zaman yaşayacağını və onların ömür yolunun bütün gənclərə və gələcək nəsillərə örnək olacağını vurğulayıb.

Şəhid general-mayorun anası Səmayə Həşimova çıxışında belə təşəbbüslərin reallaşdırılmasına görə əməyi keçən hər kəsə təşəkkür edib. Bildirib ki, general-mayor Polad Həşimovun xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır. Allahdan şəhidlərimizə rəhmət diləyən Səmayə xanım qazilərimizə cansağlığı və tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Tədbirdə çıxış edən İvanovka kənd tam orta məktəbinin direktoru və gənclərin çağırışaqədərki hazırlıq fənn müəllimi general-mayorun adını daşıyan sinif otağının yaradılmasının məktəbin müəllim və şagird kollektivin  təşəbbüsü olduğunu bildiriblər. Qeyd ediblər ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsində şəhidlərimizin keçdiyi şərəfli həyat və döyüş yolu böyük rol oynayır.

Tədbir İvanovka kənd orta məktəbinin şagirdlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda olan ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Sonda xatirə fotosu çəkilib.

Keçidlər