İsmayıllı rayonunda Mülki Müdafiə sahəsində “2025-ci ildə görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilmişdir
Tədbirdə İsmayıllı RİH əməkdaşları, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin nümayəndələri, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.
Toplantının əsas məqsədi 2025-ci il ərzində mülki müdafiə sahəsində həyata keçirilmiş tədbirlərin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi, qarşıya çıxan problemlərin müəyyən edilməsi və 2026-cı il üçün qarşıda duran vəzifələrin dəqiqləşdirilməsindən ibarət olub. Tədbirdə mülki müdafiənin əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanmış, bu sahədə dövlət siyasətinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir.
Tədbirdə çıxış edən FHN Şimal-qərb Regional Mərkəzinin nümayəndələri tərəfindən 2025-ci il ərzində rayon üzrə mülki müdafiə sahəsində görülmüş işlər, keçirilmiş təlimlər, maarifləndirmə tədbirləri və yoxlamaların nəticələri barədə ətraflı məlumat verilmiş, mövcud nöqsanlar və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.
Əlavə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarının yerlərdə icra olunma vəziyyəti müzakirə edilmiş, xüsusilə 15 oktyabr 2025-ci il tarixli 744 nömrəli “Nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrasının təmin edilməsinin əhəmiyyəti qeyd olunmuşdur. Bu istiqamətdə FHN Şimal-qərb Regional Mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən və görülməsi nəzərdə tutulan tədbirlər diqqətə çatdırılmış, qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanmışdır.






