İsmayıllı rayonunun Qalacıq kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq-kompleksin açılışı olub
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər.
Öncə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra şəhidlərimizin adına tikilmiş bulağın açılışı olub.
Rayon rəhbəri Nahid Bağırov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs edib, şərəfli döyüş yolu keçən qəhrəman oğullarımızın əziz xatirəsinin heç bir zaman unudulmayacağını vurğulayıb. Bulaq-kompleksinin inşasının şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan növbəti addım olduğunu söyləyib. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır.
Çıxış edən şəhid ailələrinin üzvləri bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürlərini bildiriblər.