İsmayıllı şəhərinin “Cümə” məscidində “Ramazan-sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib
Fevralın 18-də İsmayıllı şəhərinin “Cümə” məscidində İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “Ramazan – sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, İsmayıllı şəhəri “Məhəmmədiyyə” məscidinin imamı Faiq Soltanov, eləcə də din xadimləri və dini icma üzvləri iştirak ediblər.
Çıxış edənlər Ramazan ayının mənəvi əhəmiyyətindən bəhs edərək bu müqəddəs ayın cəmiyyətimizdə sülhün, qarşılıqlı hörmətin və sosial həmrəyliyin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar. Din xadimlərinə Ramazan ayı ərzində dini mərasim və ibadətlərin təşkilində qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi xatırladılıb.
Bununla yanaşı, dini maarifləndirmə işinin daha da gücləndirilməsi, milli-mənəvi və dini dəyərlərin düzgün təbliği, həmçinin dini radikalizm, ekstremizm, məzhəbçilik və xurafat meyillərinə qarşı mübarizədə fəallığın artırılması tövsiyə olunub.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






