Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı səhiyyə işçiləri Zərifə xanım Əliyevanın elmi-ictimai fəaliyyətinə həsr olunmuş tədbir keçirib

28 aprel 2022 | 16:47

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində görkəmli alim Zərifə Əliyevanın anadan olmasın 99 illik münasibətilə tədbir keçirilib.

RİH-nin məsul əməkdaşının və səhiyyə işçilərinin iştirakı ilə baş tutan görüşdə çıxış edənlər Zərifə xanımın Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafına verdiyi dəyərli töhfələrdən danışıblar. Bildirilib ki, akademik Zərifə Əliyeva təbabətdə öz dəstxəti olan novator alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.

Qeyd edilib ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanımın şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub, gözlərinə işıq gəlib. Vurğulanıb ki, Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığının 12 monoqrafiya, 160-dan çox elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapdığı diqqətə çatdırılıb.

Çıxışlarda, həmçinin o da qeyd edilib ki, bu gün Azərbaycanda oftolmologiya sahəsində istənilən uğur məhz Zərifə xanımın adı ilə bağlıdır.

Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi həyatda misilsiz xidmətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarixində görkəmli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, nurlu Azərbaycan xanımı kimi qalacaq, daim anılacaq, onun şərəfli ömür yolu və zəngin irsi həmişə örnək olacaqdır.

Keçidlər