Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı toxucularından dünya xalçaçılıq tarixində möhtəşəm iz

28 oktyabr 2025 | 15:56

Heydər Əliyev Fondu, “PAŞA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu komandası tərəfindən ümumdünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçası (diametri 22.17 m x 22.17 m) toxunur.

Bu möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutulub. "Qarabağ" qrupuna aid “Xətai” xalçasının elementlərini özündə birləşdirən əsərin əsas toxunma prosesi “Azərxalça” ASC-nin İsmayıllı və Şabran emalatxanalarında həyata keçirilir. Xalçanın toxunmasında 150-dən artıq zəhmətkeş xalçaçı xanım iştirak edir.

Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva xalçanın toxunma prosesi ilə tanış olub, toxucularla səmimi söhbət edib və bu tarixi xalçaya ilmə ataraq onun bir parçasına çevrilib.

Qeyd edək ki, bu nəhəng xalçanın toxunması üçün xüsusi, iki mərtəbəli yeni dəzgah hazırlanıb. Dəzgah “Azərxalça” ASC üçün İrandan dəvət olunmuş mütəxəssislər tərəfindən qurulub.

İsmayıllının zəhmətkeş xalçaçı xanımlarının bu layihədə iştirakı həm bölgəmizin sənət ənənələrinin yaşadığını, həm də Azərbaycan xalçaçılığının zənginliyinə layiqli töhfə verildiyini göstərir.

Keçidlər