İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edilib
19 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edilib.
Tədbirdə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşları Sevil Rəsulzadə və Pərvanə Əsgərzadə çıxış ediblər. Bildirilib ki, mediaturun məqsədi mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq, həyata keçirilən sosial layihələr, uşaqlara və ailələrə göstərilən psixoloji, sosial və hüquqi dəstək mexanizmləri barədə ictimaiyyəti dolğun məlumatlandırmaqdır. Qeyd olunub ki, mediatur “2024–2026-cı illər üzrə Kommunikasiya Strategiyası”na uyğun olaraq təşkil edilib.
Daha sonra iştirakçılar mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxış edərək, əhali ilə aparılan sosial işlərin səmərəliliyinin artırılmasında regionlarda fəaliyyət göstərən Mərkəzlərin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Dövlət Komitəsinin nəzdində ölkənin 11 rayonunda belə mərkəz fəaliyyət göstərir.
Direktor mərkəzdə təşkil olunan inkişafetdirici məşğələlər, aktiv terapiya otağı, Denver II qiymətləndirmə proqramı, eləcə də psixoloq otaqlarının fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov da iştirak edib. O, rayonda aparılan abadlıq quruculuq işləri barədə həmçinin qadınların, uşaqların və ailələrin sosial rifahının yaxşılaşdırılması, onların hüquqlarının qorunması və psixoloji-sosial dəstəklə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Daha sonra psixoloq Rəsul Rəhimli tərəfindən mərkəzin fəaliyyəti və statistik göstəriciləri əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.






