İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şəhid baş leytenant Famil Əhmədzadəyə həsr edilmiş “Bir hərbçinin manifesti və...” kitabının təqdimat mərasimi keçirilib
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, 44 günlük Vətən müharibəsində Suqovuşanın azad edilməsi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Famil Əhmədzadənin keçdiyi mənalı ömür və şərəfli döyüş yoluna bir daha nəzər salınıb.
Famil Əhmədzadə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi idi. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına qatılan qəhrəman vətən oğlu Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azad edilməsində böyük şücaət göstərərək oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid olub. Noyabrın 3-də Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!