İsmayıllı Rayon Təhsil sektorunda yüksək nəticə göstərmiş məzunların mükafatlandırma mərasimi keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2021-2022-ci il tədris ilində İsmayıllı Rayon Təhsil sektorunda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.
Heydər Əliyev adına parkda təşkil olunan görüşdə RİH-nin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdrinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Əliyev, RİH-nin əməkdaşları, YAP İsmayıllı rayon təşkilatının sədri, təhsil işçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdrinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Əliyev İsmayıllı təhsilinin uğurlarından danışıb. O, qeyd edib ki, yüksək pedaqoji ənənələri olan İsmayıllı təhsili həmişə yükək nəticələri ilə fərqlənib və bu ənənə bu il də davam edir.
Tədbirdə çıxış edən rayon rəhbəri Nahid Bağırov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanmış bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edib. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışan icra başçısı sabahımız üçün bilikli, hərtərəfli inkişaf edən gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin önəmli rol oynadığını bildirib. Vurğulayıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb və görülməkdədir.
Rayon rəhbəri bildirib ki, rayonda icra edilən layihələr ali təhsilini başa vuraraq rayona geri qayıdan gənclərə işlə təmin olunmalarına zəmin yaradacaq. Bunun üçün rayonda böyük işlər görülür.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək İsmayıllının gələcəyi olan gəncləri tələbə olmaqları münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Çıxış edən müəllim və valideynlər respublikamızda eləcə də İsmayıllıda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, 2021/2022-ci tədris ilində İsmayıllı rayonunda orta ümumtəhsil məktəblərinin məzunlarından 21 nəfəri 600 bal, 68 nəfəri 500-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin məzunu Aydınov Aydın Simran oğlu qazanıb. O, 676 bal toplayıb.
Görüşdə orta məktəbi qızıl medalla qurtaran məzunlara medal və atestatlar, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənlərə həmçinin bir sıra müxtəlif layihə və müsbiqələrdə qalib olmuş məzunlara Fəxri fərman və mükafatlar təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.