İsmayıllı Dövlət və Texnologiya Kollecində möhtəşəm “Məzun günü” keçirilib
12 iyun 2024-cü il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Məzun günü” tədbiri keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İqtisadi və Sosial məsələlər üzrə müavini Eyyub Musayev, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini Sevil xanım Əhmədova, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Təhsil İşçiləri Həmkarlar İttifaqının Sədri Hafiz Kərimov, tələbələr və valideynlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və 44 günlük Vətən müharibəsində canından-qanından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Qonaqları salamlayan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru fəlsəfə elmləri namizədi, dossent Kəmalə Süleymanlı giriş nitqi söyləyib, iştirakçılara kollecin yaranma tarixindən, uğurlarından, pedaqoji kollektivin müsbət fəaliyyətindən danışıb.
Çıxış edən RİH başçısının müavinləri Eyyub Musayev və Sevil Əhmədova RİH-nin rəhbərliyi adından məzunları təbrik edib, hər kəsə müvəfəqqiyyətlər arzulayıblar.
Daha sonra kolleci qırmızı diplomla bitirən tələbələr fəxri diplomlarla təltif olunublar.
Daha sonra tədbir kollecin tələbələrinin hazırladıqları musiqi, şer, rəqs nömrələri və İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Niyal İnstrumental ansambılının və solistlərinin ifasında konsert proqramı ilə davam edib.
Məlumat üçün qeyd edək ki, İsmayıllı Dövlət Humanitar Kollecdə respublikamızın 62 rayonundan 14 ixtisas üzrə 995 tələbə təhsil alır. Bu tələbələrdən 883 nəfəri əyani, 112 nəfəri isə qiyabi formada təhsil alır. Bu il isə Kollecin 299 tələbəsi məzun adını alır.