Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

14 iyun 2024 | 16:20

İyunun 14-də bütün respublikada olduğu kimi İsmayıllı rayonunun məktəblərində də “Son zəng” tədbirləri keçirilib.

Rayonun ümumtəhsil məktəblərində keçirilən "Son zəng"  tədbirlərində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəisi, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

A.Məmmədov adına Diyallı kənd tam orta məktəbində keçirilən “Son zəng” tədbirində rayon rəhbəri Nahid Bağırov iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən RİH başçısı məzunları, onların müəllim və  valideynlərini son dərs günü münasibətilə təbrik edib, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb. Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Çıxış edənlər məktəb kollektivinin və şagirdlərin qazandıqları uğurlar barədə məlumat verib,  Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və məzunlara  ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulayıblar.

“Son zəng” tədbiri məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib.

Rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında yaddaqalan bir günə çevrilib.

Məlumat üçün bildirək ki, rayonda 46 tam orta məktəb fəaliyyət göstərir. Bu il XI sinifi 765 məzun bitirib. Buraxılış imtahanlarında 25 məzun 250-dən çox bal toplayıb. Həmçinin XI sinif şagirdlərindən 4 nəfəri fənn olimpiyadasının qalibi olub.

Keçidlər