İsmayıllı rayonunda 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunub
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüqar Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və polis işçiləri iştirak edib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra Heydər Əliyev Mərkəzində 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib. İştirakçılar rəssamların əl işlərindən ibarət sərgiyə baxıblar. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazilərimizin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib və Azərbaycan Polisinin keçdiyi yoldan bəhs edən filmə baxılıb.
İsmayıllı RİH başçısı Nahid Bağırov çıxış edərək bütün Daxili İşlər Nazirliyi əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkəmizdə sabitliyin təmin edilməsində Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildirib.
İcra başçısı qeyd edib ki, Azərbaycan polisinin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib: “Bu gün də Prezident cənab İlham Əliyev polis işçilərinə diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onlara daha yaxşı xidmət göstərmək üçün əlavə güc verir”.
Rayon rəhbəri Nahid Bağırov bir qrup polis əməkdaşına 2 İyul – Azərbaycan Polisi Günü və nümunəvi xidmətinə görə “Təşəkkürnamə” təqdim edib.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vüqar Əliyev çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Sonda xatiə şəkli çəkilib.