İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 8 Noyabr-Zəfər Günü münasibətilə təbriki
Tarixi qələbəmizin artıq ikinci ilini yaşayırıq. 2 il əvvəl Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı işğaldan azad edərək 30 illik həsrətə son qoydu. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan xalqının birliyinin zəfər simvolu oldu.
Bu Qələbə ilə Azərbaycan yeni tarix yazdı. Tarixi Qələbənin, Zəfərin sevincini bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir yumruğunun gücü, möhkəm siyasi iradəsi, güclü və qüdrətli ordumuz, rəşadətli, mübariz əsgər və zabitlərimiz oldu. Qürurvericidir ki, bu qələbəyə imza atanlar arasında doğma İsmayıllımızın qəhrəman övladları da var.
Vətən müharibəsində Prezident İlham Əliyevin çağrışına qoşularaq rəşadətli Azərbaycan Ordusuna həmrəyliklərini nümayiş etdirən ismayıllılar həm ön, həm arxa cəbhədə öz vətəndaşlıq borclarını yerinə yetirərək sona kimi Ali Baş Komandana dayaq oldular.
Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
TARİXİ ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!
ZƏFƏR GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ HƏMVƏTƏNLƏR!