İsmayıllı rayonu ərazisində aparılan qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı yaradılmış Komissiyanın gördüyü işlər barədə hesabat görüşü keçirilib
11.11.2022-ci il tarixdə Azərbaycan Respublikasının Adminstrasiyası tərəfindən keçirilən onlayn xüsusi müşavirədə verilən tapşırıqların icrası və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 22 aprel 2022-ci il tarixli, 45 nömrəli əmri ilə İsmayıllı rayonu ərazisində aparılan qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı yaradılmış Komissiyanın gördüyü işlər barədə hesabat görüşü keçirilib.
RİH-də keçirilən görüşdə RİH başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyələr və aidiyyəti idarə, təşkilat rəhbərləri iştirak edib.
Görüşdə çıxış edən şəhərin baş memarı Vüsal Abdullayev bildirib ki, komissiya yarandığı gündən ötən 7 ay ərzində rayon ərazisində 98 yeni yaşayış evinin məlumatlandırma icraatı qaydasında sənədləşməsi təmin edilmiş, 9 qeyri-yaşayış obyektinin inşasına icazə verilmiş, ötən illərdə inşa edilmiş 1 obyektin sənədləşdirilməsi aparılmış, 8 obyektin istismarına icazə sənədi verilmişdir. V. Abdullayev qeyd edib ki, komisiyanın fəaliyyət göstərdiyi 7 ay ərzində rayonun bir neçə yaşayış məntəqələrində və həmin məntəqələri rayon mərkəzi ilə birləşdirən yolların kənarında aparılan monitorinqlər zamanı özbaşına və qanunsuz tikintilər aşkar olunmuş, həmin tikinti sahiblərinin bəzilərini şifahi məlumatlandırmaqla, təbliğat işləri aparmaqla sənədləşmə işlərinə cəlb etmək mümkün olmuşdur.
RİH-nin başçısı Nahid Bağırov qeyd edib ki, qanunsuz tikililər ciddi qanun pozuntusu olmaqla bərabər, gələcəkdə vətəndaşların özləri üçün də böyük problemlər yaratmaqla mülki mübahisə predmetlərinə çevrilir. Rayon rəhbəri həmin tikililərin sökülməsi və ya dövlət vəsaiti hesabına konpensasiya edilməsinin çətinliklər yaratdığını vurğulayaraq aidiyyəti təşkilatların bu işdə məsuliyyətini diqqətə çatdırdıb. Xüsusi ilə də rayon ərazisindən keçən avtomobil yollarının kənarında, rayon daxili əsas turizm marşrutlarının ətrafında primitiv görkəmli, standartlara uyğun olmayan, İsmayıllı şəhərinin və digər yaşayış məntəqələrinin memarlıq görkəminə xələl gətirən tikililərin qarşısının alınması üçün İƏD üzrə nümayəndəliklərin və bələdiyyələrin qarşısına bir daha ciddi tələblər qoyulub.
Rayon rəhbəri qeyd edib ki, hər hansı tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə müəyyən olunmuş müvafiq rəsmiləşdirmə işləri aparıldıqdan sonra həyata keçirməlidir. Qanunsuz tikintilərin həyata keçirilməsi halları baş verdikdə həm vətəndaşlar, həm də bu işlərə himayədarlıq edən vəzifəli şəxslərlə bağlı qanunamüvafiq qaydada ciddi tədbirlərin görüləcəyi bildirilib.