İsmayıllı Rayon İcra Hakimiyyətində növbəti “Nümayəndə Günü” keçirilib
İsmayıllı RİH başçısının İƏD üzrə nümayəndələri ilə keçirilən görüşdə bir sıra vacib mövzular müzakirə olunub.
Tədbirdə rayon üzrə qanunsuz tikintilərin qarşısının alınması, mövcud vəziyyətin qiymətləndirilməsi və bu sahədə görüləcək tədbirlərlə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, qanunsuz tikililərin ardıcıl şəkildə monitorinqi, müvafiq bildirişlərin verilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi yerli icra strukturlarının əsas prioritetlərindəndir.
Bundan başqa qanunsuz torpaq zəbtinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsi və tədbirlərin görülməsi tapşırılıb. Məqsəd qanunvericiliyin tələblərinə tam riayət olunması və torpaq fondunun qorunmasıdır.
Görüş zamanı əməkdaşlarla dövlət qulluqçularının etik davranış qaydalarına ciddi əməl etməsi mövzusunda müzakirə aparılıb. Dövlət qulluqçularının vətəndaşlarla ünsiyyətdə peşəkarlığı, etik normalara riayət etməsi, xidmətə dair şəffaflığın artırılması və məsuliyyətli fəaliyyətin təmin olunması barədə geniş izahlar verilib.
Tədbirdə həmçinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə RİH-də təsdiq olunmuş Tədbirlər Planının müvafiq maddələrinin icrası və vətəndaş müraciətlərinə baxılması və sənədlərlə iş barədə ətraflı müzakirə aparılıb. Vətəndaş müraciətlərin qəbulu, qeydiyyatı, icra müddətləri, cavablandırılması və bu prosesdə elektron kargüzarlığın tətbiqi kimi mövzular diqqətə çatdırılıb. Müraciətlərlə işdə operativlik, dəqiqlik və qanunvericiliyə tam uyğunluğun vacibliyi vurğulanıb.
Nümayəndə Gününün əsas məqsədi xidmət proseslərinin təkmilləşdirilməsi, mövcud problemlərin operativ həlli, vətəndaş məmnunluğunun artırılması və görülən işlərin sistemli şəkildə koordinasiyası olub.






