Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 15 İyun – Milli Qurtuluş Günü geniş bayram konserti ilə qeyd olunub

15 iyun 2022 | 16:39

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyeva və rəhbərlik etdiyi Azərbaycanın ilk qadın orkestri “Mezzo” 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş geniş bayram konserti ilə iştirak edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişinin müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, məhz Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanda mövcud olan xaosa, özbaşınalığa son qoyulub, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılıb, sabitlik bərpa olunub.

Sonra Fidan Hacıyevanın ifasında səsləndirilən “Şuşam mənim” mahnısı ilə rəngarəng konsert proqramı başlayıb. Konsertdə Fidan xanım Hacıyevanın, “Mezzo”nun, habelə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin solistlərinin, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbi kollektivinin çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.

İki saatadək davam edən bayram konserti iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

 

Keçidlər