Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 15 Sentyabr – Bilik Günü qeyd olunub

15 sentyabr 2026 | 15:28

15 Sentyabr – Bilik Günü münasibətilə İsmayıllı rayonunun bütün ümumtəhsil müəssisələrində yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə Elm və Təhsil Nazirliyinin əməkdaşı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin əməkdaşları,İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda bildirilib ki, 15 Sentyabr – Bilik Günü ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər gənc nəslin müasir və keyfiyyətli təhsil almasına geniş imkanlar yaradır.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə üzrə yeni məktəb binalarının tikilməsi, təhsil müəssisələrinin əsaslı təmiri və maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin peşəkarlığının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir.

Tədbirlərdə birinci sinfə qədəm qoyan şagirdlərə xüsusi diqqət göstərilib, onların məktəb həyatına ilk addımları münasibətilə xoş arzular ifadə olunub. Şagirdlər tərəfindən Vətənə, biliyə və məktəbə həsr olunmuş şeirlər səsləndirilib, müxtəlif bədii kompozisiyalar təqdim edilib.

Yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdlərə uğurlar arzulanıb, qarşıdakı tədris ilində yüksək nəticələrin əldə olunmasının vacibliyi vurğulanıb.

Keçidlər