İsmayıllıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri keçirilib
Qala şadlıq sarayında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri keçirilib.
RİH tərəfindən təşkil olunan tədbirdə RİH başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qiraətçi Pünhan İsmayıllı, idarə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, gənclər və qonaqlar iştirak edib.
Bayram tədbiri torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş nitqi ilə açan RİH başçısı Nahid Bağırov təbdir iştirakçılarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Rayon rəhbəri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan və bütün ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən həmrəy, həmfikir edən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi bir gün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı ən böyük həmrəyliyi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında birləşərək nümayiş etdirib. Məhz bu həmrəylik bizi 30 ildən çox həsrətini çəkdiyimiz tarixi torpaqlara qovuşdurub. Bu zəfəri bizə bəxş edən şəhidlərimizə və qazilərimizə minnətdarıq. RİH başçısı nitqində 2022-ci ildə rayonda görülən işlərə və 2023-cü ildə reallaşdırılması nəzərdə tutulan layihələrə də toxunub.
Digər çıxış edənlər tədbir iştirakçılarının timsalında bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, yeni-2023-cü ildə xalqımıza əmin-amanlıq arzulayıblar.
Musiqili-əyləncəli proqram tədbirə xoş, mənalı, yaddaqalan ovqat qatıb. Bayram şənliyində Respublikanın əməkdar artisti Nigar Şabanovanın bir-birindən fərqli ifaları məclis iştirakçılarına xoş əhval-ruhiyə bəxş edib.
Tərəqqi medallı Sahibə Abdullayevanın, “Niyal” instrumental ansamblının solistlərinin ifasında rəngarəng musiqilər, “İnci” rəqs qrupunun solisti Fatimə Məsimovanın, İvanovka tam orta məktəbinin folklor qrupunun, şəhər 1, 2 saylı körpələr evi uşaq bağçalarının rəqsləri, Şaxta baba və Qar qızın çıxışları alqışlarla qarşılanıb.
Tədbir xoş ovqat, gələcəyə böyük ümid və inamla sona çatıb.