İsmayıllıda abadlıq və infrastruktur işləri davam etdirilir
İsmayıllı rayonunda ətraf mühitin mühafizəsi, təmizliyin qorunması və yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Rayonda tullantıların daha səmərəli və operativ daşınmasının təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İsmayıllı rayonu üçün tullantı daşıyan avtomobil və 50 ədəd tullantı konteyneri təqdim edilib. Göstərilən dəstəyə görə nazirliyə təşəkkürümüzü bildiririk.
Kənd və qəsəbələrdə də müxtəlif abadlıq və təmir işləri həyata keçirilir. Mollaisaqlı kəndində küçələrin təmiri üçün asfalt qırıntısı tökülüb.
Xanagah kəndində qəbiristanlığın 225 metr uzunluğunda hasarı metal torla yenilənib. Qəbiristanlıq ərazisində əvvəllər inşa olunmuş tikilidə təmizlik işləri aparılıb, borular rənglənib və döşəmə betonlanıb. Həmçinin kəndin müxtəlif küçələrində içməli su xətlərindəki sızmalar aradan qaldırılıb.
Basqal qəsəbəsində isə Düzən qəbiristanlığının girişindən başlayan piyada yolunun çay daşı ilə döşənməsi işləri həyata keçirilir.
Rayon ərazisində yaşayış məntəqələrinin abadlaşdırılması və sakinlərin rahatlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.






