İsmayıllıda aqroturizmin inkişaf perspektivlərinə dair seminar-müzakirələr keçirilib
“Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kənd yerlərində aqroturizmin təbliği” layihəsi çərçivəsində İsmayıllı rayonunun İvanovka və Basqal kəndlərində seminar-müzakirələr təşkil olunub.
Seminar-müzakirələrdə ümumilikdə 40 nəfərdən çox yerli sakin, aqroturizm dəyər zəncirinə daxil olan sahibkarlar, bələdiyyə və yerli icra nümayəndələri, eləcə də bu sahəyə maraq göstərən kənd sakinləri iştirak ediblər.
Tədbirlərin açılışında “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri, layihə rəhbəri Vamiq Babayev çıxış edərək layihənin məqsədi, əsas hədəfləri və gözlənilən nəticələri barədə ətraflı məlumat verib. O, kənd təsərrüfatı ilə turizm potensialının birgə inkişafının bölgələrin sosial-iqtisadi tərəqqisinə verə biləcəyi töhfələri diqqətə çatdırıb.
Daha sonra İvanovka kənd İƏD üzrə nümayəndəliyinin əməkdaşı Nikolay Yadıqin çıxış edərək kəndin aqroturizm baxımından mövcud imkanlarından, dövlətin kənd təsərrüfatı və turizm sahələrinə göstərdiyi diqqət və qayğıdan, eləcə də kənddə həyata keçirilən layihələrdən bəhs edib.
Basqal kənd İƏD üzrə nümayəndəsi Novruz Əsadov isə çıxışında Basqalın zəngin tarixi-mədəni irsi, əhalinin məşğulluq istiqamətləri və kəndin turizm potensialı barədə iştirakçılara məlumat verib.
Seminarların əsas məruzəçisi, birliyin İdarə Heyətinin üzvü və layihə üzrə ekspert Rafət Şirəliyev tərəfindən aqroturizm fəaliyyətinin təşkili, turizm və kənd təsərrüfatının inteqrasiyası, aqroturizm məhsullarının formalaşdırılması, bu sahənin iqtisadi və sosial üstünlükləri, regionun mövcud imkanları, yerli mədəniyyətin turizm məhsuluna çevrilməsi və aqroturizmə biznes yanaşması mövzularında təqdimatlar edilib. Tədbirlər çərçivəsində iştirakçılarla geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Müzakirələr zamanı iştirakçılar aqroturizmin kənd yerlərində məşğulluğun artırılması, əlavə gəlir mənbələrinin formalaşdırılması və yerli məhsulların tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar. Həmçinin kənd təsərrüfatı ilə məşğul olan sahibkarların aqroturizm fəaliyyətinə cəlb olunması üçün əlavə dəstək mexanizmlərinin vacibliyi qeyd edilib.
Layihənin əsas məqsədi kənd təsərrüfatı potensialının turizm imkanları ilə inteqrasiyasını təmin etməklə kənd yerlərində dayanıqlı iqtisadi inkişafın təşviqinə, yerli icmaların məşğulluq və gəlir səviyyəsinin artırılmasına töhfə verməkdir.






