Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda azyaşlıların sağlamlığı ilə bağlı maarifləndirici reydlər davam edir

19 may 2025 | 11:03

İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Dağlıq Şirvan Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil sektoru, Şəhər İƏD üzrə nümayəndəlik və şəhər bələdiyyəsi əməkdaşlarının birgə təşkilatçılığı ilə azyaşlıların sağlamlığı və təlim-tərbiyəsinə dair növbəti maarifləndirici reyd keçirilib.

Son vaxtlar azyaşlı uşaqlar arasında siqaret, elektron siqaret və energetik içkilərin istifadəsinin artması, eləcə də asudə vaxtların səmərəsiz keçirilməsi məsələləri ciddi narahatlıq doğurur. Araşdırmalar göstərir ki, bu halların qarşısını almaq üçün maarifləndirici tədbirlər və nəzarətin gücləndirilməsi vacibdir.

Reyd zamanı rayonun çayxana və digər iaşə obyektlərində yoxlamalar aparılıb, obyekt sahibləri ilə profilaktik söhbətlər keçirilib. Azyaşlı uşaqlara və onların valideynlərinə zərərli vərdişlərin fəsadları haqqında məlumat verilib, sağlam həyat tərzi üçün faydalı alternativlər tövsiyə edilib.

Bu dəfəki tədbirdə əsas diqqət uşaqların asudə vaxtlarını daha mənalı və faydalı şəkildə keçirmələrinə yönəldilib. Valideynlərə, uşaqlara  idmana cəlb olunması, kitab oxumağa, elmə və yaradıcılığa maraqlarının artırılması üçün şərait yaradılmasının əhəmiyyəti vurğulanıb.

Tədbir iştirakçıları xüsusi olaraq qeyd edib ki, uşaqların sağlamlığı və düzgün tərbiyəsi yalnız ailələrin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Reydlərin davamlı keçirilməsi, zərərli vərdişlərin qarşısının alınması və uşaqların sağlam gələcəyinin təmin olunması üçün mühüm addımdır.

Bu tədbirlər, həmçinin, uşaqların intellektual inkişafına dəstək olmaqla, onların cəmiyyətdə faydalı və məsuliyyətli fərd kimi yetişməsinə töhfə verir. İsmayıllıda bu istiqamətdə maarifləndirici fəaliyyətlər davam etdiriləcək.

Keçidlər