İsmayıllıda azyaşlıların sağlamlığı və təlim-tərbiyəsi ilə bağlı maarifləndirici reyd keçirilib
Son zamanlar vətəndaş qəbulları zamanı yetkinlik yaşına çatmayan uşaqlarla bağlı narahatlıq doğuran məsələlər gündəmə gətirilib. Cəmiyyətimizin gələcəyi olan azyaşlıların sağlamlığı və təlim-tərbiyəsinə təsir edən problemlərin həlli xüsusi diqqət mərkəzindədir.
Araşdırmalar göstərir ki, bəzi azyaşlı şagirdlər arasında elektron siqaretdən və siqaretdən istifadə halları artmaqdadır. Bu vəziyyət onların sağlamlığına ciddi təhlükə yaradır. Bundan başqa, azyaşlıların çayxana kimi ictimai məkanlarda boş vaxt keçirməsi və asudə vaxtlarını səmərəli istifadə etməməsi onların tərbiyəsinə mənfi təsir göstərir.
Bu halların qarşısını almaq və maarifləndirmə aparmaq məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Polis şöbəsi, Dağlıq Şirvan Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil sektoru, Şəhər İƏD üzrə nümayəndəlik və şəhər bələdiyyəsi əməkdaşlarının birgə iştirakı ilə reyd keçirilib.
Reyd zamanı iaşə obyektlərinin sahibləri ilə profilaktik söhbətlər aparılıb, azyaşlı uşaqlara isə bu davranışların zərərləri və məsuliyyətləri izah edilib. Həmçinin, valideynlərə və müəssisə rəhbərlərinə uşaqların vaxtlarını daha səmərəli və faydalı keçirmələrini təmin etmək üçün tövsiyələr verilib.
Bu tədbirlərin əsas məqsədi uşaqların sağlamlığını qorumaq, zərərli vərdişlərin yayılmasının qarşısını almaq və onların düzgün istiqamətə yönləndirilməsini təmin etmək olub. Tədbir iştirakçıları uşaqların təlim-tərbiyəsində cəmiyyətin bütün üzvlərinin birgə məsuliyyət daşıdığını xüsusi vurğulayıblar. Cəmiyyətin hər bir üzvünün bu məsələdə fəal iştirak etməsi uşaqlarımızın sağlam, tərbiyəli və uğurlu gələcəyinin təminatı üçün vacibdir.