İsmayıllıda “Dini tolerantlıq: İctimai birlik və sabitliyin qarantı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “Dini tolerantlıq: İctimai birlik və sabitliyin qarantı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, din xadimləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda dini tolerantlığın cəmiyyətdə ictimai birliyin, milli həmrəyliyin və sabitliyin möhkəmləndirilməsindəki mühüm rolundan bəhs olunub. Azərbaycanda əsrlər boyu formalaşmış multikulturalizm və tolerantlıq ənənələrinin, dövlət-din münasibətlərinin hüquqi əsaslarının və vicdan azadlığının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, dini radikalizm və ekstremizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinin, gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin və sağlam dini mühitin qorunmasının vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, dini və milli müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və əməkdaşlıq cəmiyyətin birliyinin, ölkədə sabitliyin və ictimai həmrəyliyin əsas şərtlərindəndir.
Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






