İsmayıllıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib
İsmayıllıda Dövlət Proqramının icrası ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və İsmayıllı Rayon İcra Hakimiyyətinin, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5 saylı şəhər tam orta məktəbdə “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Rasim Rəhimov açaraq iştirakçıları salamlayıb və tədbirin mövzusu barədə məlumat verib.
Tədbirdə Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin layihə rəhbəri Büllür Məmmədova, İşçi Qrupunun məsul əməkdaşı hüquq üzrə fəlsəfə doktoru Vasif Quliyev, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Rəşad Əlizadə çıxış edərək təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verib.
Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini bildirmiş, tədbir qarşılıqlı dialoqla yekunlaşıb.Tədbir iştirakçılarına mövzuya dair maarifləndirici bukletlər paylanılıb.






