Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Havalansın Şirvan Sazı” adlı möhtəşəm tədbir keçirilib

28 noyabr 2025 | 12:33

27 noyabr 2025-ci il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Havalansın Şirvan Sazı” adlı yaddaqalan tədbir baş tutub.

Şirvan Aşıq sənətinə, sazın və sözün müqəddəsliyinə ithaf olunan tədbir bölgənin zəngin musiqi irsinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib.

Sazın hikmətini, Şirvan elinin musiqi nəfəsini və aşıq ruhunu özündə birləşdirən tədbirdə tanınmış ifaçıların çıxışları mərasimin bədii dəyərini daha da artırıb. Gecə ərzində ustad sənətkarlar müxtəlif aşıq havalarını səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar Soltan, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, AMEA Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, dosent Atəş Əhmədli, Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Şamaxı rayonu üzrə nümayəndəsi Rafael Tağızadə və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səhnəyə çıxan Əməkdar Mədəniyyət İşçiləri – Tərəqqi medallı Sahibə Abdullayeva, Aşıq Ağamurad Şirvanlı, Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü Aşıq Şahniyar Əliyev, eləcə də Aşıq Cavid Əmiraslanov, “Lahıc Xalq Folkloru” kollektivi, Nuran İbrahimov, Qalib Güləliyev, İxtiyar Qocayev, Şanel Mustafayev və Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi Aşıq Elman Talıstanlı öz məharətli ifaları ilə tədbirə xüsusi rəng qatıblar.

Çıxış edənlər tədbirin təşkilində əməyi keçən bütün əməkdaşlara təşəkkür edərək, aşıq sənətinin qorunub yaşadılmasının vacibliyini vurğuladılar.

Tədbirin sonunda bir qrup mədəniyyət işçisi Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı tərəfindən fəxri diplomla təltif olunub.

Keçidlər