İsmayıllıda “Hüquqlarınla parla!” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı, “Nar”ın maliyyə dəstəyi ilə “Hüquqlarınla parla!” layihəsi çərçivəsində keçirilən maarifləndirmə tədbirləri başa çatıb.
İsmayıllı rayonunda keçirilən növbəti tədbirdə "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Günay Ağayeva iştirakçıları salamlayaraq layihənin məqsədi və layihə çərçivəsində keçirilən fəaliyyətlər barədə məlumat verib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, İsmayıllı Uşaq Ailələrə Dəstək Mərkəzinin direktor əvəzedicisi Xatirə Bağırova çıxışlarında uşaqların hüquqlarının qorunması, onların maariflənməsi və sağlam mühitdə böyüməsi üçün keçirilən tədbirlərin böyük önəm daşıdığını bildirərək, bu istiqamətdə davamlı işlərin aparılmasının vacibliyini xüsusi olaraq qeyd ediblər.
Daha sonra şagirdlər üçün İsmayıllı rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Rəhim Orucov tərəfindən uşaqların zərərli vərdişlərdən qorunması, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdir müavini Sevinc Bağırova tərəfindən zərərli vərdişlərin orqanizmə təsirləri, AKTA-nın eksperti Elay Əliyev tərəfindən isə kibertəhlükəsizlik mövzusunu əhatə edən interaktiv təlimlər keçirilib. Tədbirin sonunda yazılı test formatında şagirdlər üçün imtahan keçirilib.






