Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda iftar süfrəsi təşkil olunub

17 mart 2026 | 18:18

İsmayıllı rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub. Tədbir Müstəqil Sənayeçi və İş adamları Dərnəyi Azərbaycan nümayəndəliyinin təşkilatçılığı və Birol Akgün – Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin iştirakı ilə 16 mart 2026-cı il tarixində İsmayıllı rayonunda “Qala” şadlıq sarayında baş tutub.

Tədbirdən əvvəl iştirakçılar Şəhidlər xiyabanını ziyarət edərək onlarım əziz xatirəsini ehtiramla yad ediblər.

İftar süfrəsində Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor doktor Birol Akgün, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov, RİH başçısının müavini, sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Eyyub Musayev, MÜSİAD Azərbaycan filialının İdarə Heyətinin sədri Fuat Kayhan, təşkilatın əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 400 nəfər iştirak edib.

Çıxışlarda bildirilib ki, Müqəddəs Ramazan ayı mərhəmət, paylaşma və mənəvi saflaşma ayıdır. Təşkil olunan iftar süfrəsi də bu mənəvi birliyin, qardaşlıq və həmrəylik ruhunun bariz təcəssümüdür. Qeyd olunub ki, Ramazan ayı yalnız fərdi ibadət dövrü deyil, eyni zamanda insanlar və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndiyi, qəlblərin birləşdiyi, sülh və qarşılıqlı hörmətin gücləndiyi müqəddəs zamandır.

Vurğulanıb ki, şəhidlərimizin qanı ilə möhkəmlənən Azərbaycan–Türkiyə qardaşlığı gələcək nəsillər üçün böyük örnəkdir. Azərbaycan və Türkiyə təkcə dost ölkələr deyil, ortaq tarixə, ortaq taleyə və ortaq dəyərlərə sahib iki qardaş dövlətdir.

Azərbaycan–Türkiyə birliyi iki dövlətin deyil, iki xalqın qəlb birliyinin rəmzidir.

Yaşasın əbədi Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı!

Keçidlər