İsmayıllıda “İnklüziv yay düşərgəsi” keçirilob
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialı, “Regional İnkişaf” İctimai Birliyi, “AzInTelecom” MMC və “Runaway House”ın birgə təşkilatçılığı ilə keçirilən “İnklüziv yay düşərgəsi” uğurla başa çatıb.
Düşərgənin bağlanış mərasimində İsmayıllı və Şamaxı Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, tərəfdaş qurumların əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Beş gün davam edən düşərgədə Şamaxı və İsmayıllı rayonlarından olan həssas kateqoriyalara aid uşaq və yeniyetmələr üçün zəngin proqram təşkil olunub. İştirakçılar tərəfdaş qurumların nümayəndələri ilə görüşlərdə iştirak edib, maarifləndirici təlimlərə, yaradıcı və əyləncəli fəaliyyətlərə qoşulub, komanda oyunları və interaktiv məşğələlər vasitəsilə yeni bilik və bacarıqlar əldə ediblər. Düşərgə proqramı onların sosiallaşmasına, ünsiyyət bacarıqlarının inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.
Düşərgə müddətində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirakçılara yaxından dəstək göstəriblər.
Bağlanış tədbirində düşərgə iştirakçılarına və “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə təşəkkürnamələr təqdim olunub.
Tədbir Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin musiqi kollektivlərinin təqdim etdiyi rəngarəng konsert proqramı ilə yekunlaşıb.






