İsmayıllıda "İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən "İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru Lətifə Əliyeva və əməkdaşlar, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Mərkəzin Ekspert qrupunun üzvləri – Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər təşkilatının sədri İlkin Osmanov, həmçinin Kollecin direktor müavini Vüqar Mikayıllı və kollecin tələbələri iştirak ediblər.
Tədbirin əsas məqsədi insan alverinin qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi, risk qruplarının məlumatlandırılması və gənclər arasında hüquqi biliklərin artırılması olub.
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Fatimə Abuşova geniş təqdimatla çıxış edərək insan alveri anlayışı, formaları və müasir dövrdə yayılma mexanizmləri barədə ətraflı məlumat verib. O bildirib ki, insan alveri əsasən əmək istismarı, cinsi istismar və digər zorakı istismar formalarında özünü göstərir və bu cinayət növü insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunur.
Çıxış zamanı risk faktorları – işsizlik, sosial həssaslıq, miqrasiya, aldadıcı iş və təhsil vədləri, sosial şəbəkələr vasitəsilə qurulan şübhəli əlaqələr barədə danışılıb. Psixoloq iştirakçıları diqqətli olmağa, iş təkliflərini araşdırmadan qəbul etməməyə, sənədləri üçüncü şəxslərə təqdim etməməyə və şübhəli hallarda aidiyyəti qurumlara müraciət etməyə çağırıb.
Fatimə Abuşova həmçinin insan alveri qurbanları ilə aparılan psixoloji işin mərhələləri barədə məlumat verib. Qeyd olunub ki, qurbanlarla fərdi və qrup terapiyaları təşkil edilir, post travmatik stress pozuntusunun aradan qaldırılması, özünə inamın bərpası və sosial adaptasiya istiqamətində kompleks dəstək göstərilir. Bununla yanaşı, hüquqi və sosial xidmətlərə yönləndirmə, təhlükəsiz sığınacaqla təminat və reabilitasiya proqramları həyata keçirilir.
Eyni zamanda qurbanların məşğulluq proqramlarına cəlb olunması, peşə hazırlığı kursları və sosial reinteqrasiya tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, əsas məqsəd zərərçəkmiş şəxslərin yenidən risk mühitinə qayıtmasının qarşısını almaq və onların cəmiyyətə tam inteqrasiyasını təmin etməkdir.
Tədbir iştirakçıların sualları və müzakirələrlə davam edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






