İsmayıllıda “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda tədbir keçirilib
İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-nin əməkdaşı Bəhruz Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, eyni zamanda dini icma sədrləri, dini icmaların üzvləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən, bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmasından danışılıb.
Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






