İsmayıllıda “Milli-mənəvi həmrəylik – Zəfərə aparan yol” mövzusunda konfrans təşkil olunub
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin təşkilatçılığı ilə “Milli-mənəvi həmrəylik – Zəfərə aparan yol” mövzusunda konfrans təşkil olunub.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilən “Həmişə bizimləsiniz!” adlı videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov tədbirin məqsədinin milli-mənəvi həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun, eləcə də dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində inkişafının təbliği olduğunu vurğulayıb. Milli həmrəylik və mənəvi dəyərlərə sədaqət müasir Azərbaycan dövlətinin ideoloji təməllərindən biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli həmrəylik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin bütün sahələrdə, o cümlədən dini münasibətlərdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlər əsasında siyasət yürütməsi Azərbaycanı dünyada nümunəvi modelə çevirib. Dövlət Komitəsi və onun regional bölmələri tərəfindən ölkənin bütün bölgələrində dini maarifçilik tədbirləri, gənclərlə görüşlər, konfranslar və təlimlər keçirilir. Bu fəaliyyətin məqsədi sağlam dini düşüncənin, mənəvi dəyərlərin və vətənpərvərlik ideyalarının möhkəmləndirilməsidir. Çıxışının sonunda qeyd edib ki, milli-mənəvi həmrəylik sadəcə dini və ya ictimai anlayış deyil, bu, xalqın mənəvi bütövlüyünü, milli ideologiyasını və gələcəyə inamını ifadə edir.
Yeni Azərbaycan İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov çıxışında qeyd edib ki, milli həmrəylik ideyası müasir Azərbaycanın siyasi və ictimai həyatının əsas sütunlarından biridir. O bildirib ki, bu ideya Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət ideologiyasının ayrılmaz tərkib hissəsinə çevrilib, bu gün isə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək real həyatda öz təsdiqini tapıb.
Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev bildirilib ki, “Milli-mənəvi həmrəylik – Zəfərə aparan yol” mövzusu təkcə tarixi bir ifadə deyil, xalqımızın varlığını, mənəvi gücünü və dövlətçilik düşüncəsini özündə ehtiva edən dərin məna daşıyır. Müstəqil Azərbaycan dövlətinin mənəvi əsaslarını Ümummilli Lider Heydər Əliyev qoyub və bu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətin düşünülmüş və uzaqgörən dini siyasəti sayəsində ölkəmizdə tolerantlıq, qarşılıqlı hörmət və dinlərarası əməkdaşlıq mühiti formalaşıb. Milli həmrəyliyin qorunması təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın mənəvi borcudur. Çünki həmrəylik xalqın birliyinin, mənəvi bütövlüyünün və milli təhlükəsizliyinin əsas təminatıdır. Dağlıq Şirvan regionunda fəaliyyət göstərən dövlət qurumları, dini icmalar, təhsil müəssisələri və ictimai təşkilatlarla birgə keçirilən maarifləndirmə tədbirləri milli həmrəyliyin möhkəmlənməsinə və gənclərin düzgün dini-mənəvi tərbiyəsinə xidmət edir. Zəfər Gününü hər il böyük fəxr və qürur hissi ilə qeyd etmək xalqımızın milli birliyinin təntənəsidir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli həmrəyliyinin, dövlət-xalq birliyinin və mənəvi gücünün təntənəsi olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yalnız torpaqlarımızı azad etmədi, həm də xalqımızın qürurunu, milli mənliyini və ədalət hissini bərpa etdi. Hər il Zəfər Günü ərəfəsində geniş tədbirlər keçirilir, şəhid ailələri və qazilər ziyarət olunur, məktəblərdə və gənclər təşkilatlarında vətənpərvərlik mövzusunda görüşlər təşkil edilir. Bu tədbirlərin məqsədi gənclərdə milli kimlik, vətən sevgisi və şəhidlərə hörmət hissinin gücləndirilməsidir. Zəfər Gününün hər il böyük təntənə ilə qeyd edilməsi xalqımızın milli yaddaşında birliyin, mübarizliyin və azadlıq ruhunun daimi yaşamasına xidmət edir.
Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Elm və Təhsil İşçilərə Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, şəhid polkovnik-leytenant Ruslan Tağıyevin atası Fuad Tağıyev, şəhid mayor Sübhi Mürsəliyevin anası Cəmilə Əkbərova, şəhid ailələrinin üzvləri, qazilər, rayonda fəaliyyət göstərən idarə və qurumların məsul şəxsləri, təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və din xadimlərinin iştirakı ilə keçirilən konfransda digər çıxış edənlər də müstəqil Azərbaycanın milli həmrəyliyinin, mənəvi dəyərlərinin qorunmasının və dövlətçilik ideyalarının təbliğinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, xalqımızın birliyi, milli-mənəvi dəyərlərə sədaqəti və Vətən sevgisi ölkəmizi Zəfərə aparan əsas amillərdən biri olub.






