İsmayıllıda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üç günlük regional konfrans başlayıb
Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə İsmayıllı rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb.
Öncə Ulu Öndər Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılan abidəsi ziyarət olunub.
DQİDK və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) rəhbər şəxsləri, Dövlət Komitəsinin Şamaxı və Şəki bölgələri üzrə şöbələrinin müdirləri, dini konfessiya, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən İsmayıllı RİH-nin başçısı Nahid Bağırov Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. İH-nin başçısı bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda respublikamızda formalaşmış dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, ölkəmizdə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Sədr müavini deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib. Dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında da məlumat verən Dövlət Komitəsin sədr müavini deyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində bütün dinlərin və millətlərin nümayəndələri Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdi.
Eyni zamanda bəzi dairələr tərəfindən ölkəmizə qarşı dini zəmində təhdidlərin olduğunu diqqətə çatdıran sədr müavini ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəsi fəal olmağa çağırıb.
S.Heydərov bildirib ki, böyük dövlətlər, beynəlxalq güc mərkəzləri hədəf seçdikləri ölkələri iqtisadi sanksiya və təzyiqlərlə öz maraqları istiqamətində yola gətirə bilmədikləri təqdirdə, etnik mənsubiyyəti, xüsusilə dini siyasi alətə çevirir, bundan yararlanmağa çalışırlar: “Dinin siyasiləşdirilməsi birdən-birə baş verən bir hadisə deyil. Bu, çoxşaxəli proseslər nəticəsində meydana çıxan bir fenomendir”. Sədr müavininin sözlərinə görə, dinin siyasiləşdirilməsinin bir sıra komponentləri mövcuddur: “Bunlar, milli-kimliyin dini kimliklə toqquşması və ya dini kimliyin milli kimliyi üstələməsi, dünyəvi dövlət prinsiplərinin zəiflədilməsi, ekstremist, radikal və məzhəbçi təbliğat və çağırışların edilməsi, siyasi fəaliyyətin və maraqların həyata keçirilməsində din və dindar amilindən istifadə olunması və s. bu kimi proseslərdən ibarətdir. Sözügedən amillər dövlətlərin iqtisadi, siyasi, hərbi təhlükəsizliyi ilə yanaşı, ideoloji-dini təhlükəsizlik məsələsini də aktuallaşdırır. Dinə yalnız etiqad, vicdan, milli-mənəvi-əxlaqi dəyərlər kimi deyil, həm də dövlətin milli, ictimai, ideoloji təhlükəsizlik məsələsi kimi yanaşmaq lazımdır. Əks təqdirdə, dövlət və cəmiyyət din sahəsindən ciddi təhdidlərlə üzləşə bilər”.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev çıxışında ölkə rəhbərliyi tərəfindən dinə və milli-mənəvi dəyərlərimizə daim diqqət və qayğının olduğunu vurğulayıb. M. Mustafayev deyib ki, dövlətimiz və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dini ibadət yerlərinin tikilməsi və əsaslı bərpası bu diqqətin bariz nümunəsidir.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva isə çıxışında dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkib. Eyni zamanda L. Əliyeva qeyd edib ki, xalqımız hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır.
Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov, İsmayıllı rayonu İvanovka kəndi “Molokan ruhani-xristian” dini icmasının sədri Sergey Kazakov çıxış edərək Azərbaycandakı dinlər və mədəniyyətlərarası harmoniyadan bəhs ediblər. Ölkəmizdə mövcud olan tolerantlığı bütün dünya üçün nümunə adlandırıblar.
“Molokanlar” adlı sənədli filmin nümayiş olunub.
Günün ikinci yarısında din xadimləri və dini icma sədrlərinin iştirakı ilə görüş keçirilib.
Qeyd edək ki, konfrans işini 17-18 may tarixlərində davam etdirəcəkdir.