İsmayıllıda Muğam Rüzgarı: “Beytüs-səfa” Ədəbi Məclisi keçirilib
İsmayıllı rayonunda milli-mənəvi dəyərlərimizi yaşadan, klassik irsimizi təbliğ edən və ruhumuzu ucaldan möhtəşəm bir mədəniyyət tədbiri-“Beytüs-Səfa” ədəbi-məclisi təşkil olunub. İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu mötəbər tədbir muğam və söz sənətinin vəhdətində sənətsevərlərə unudulmaz anlar bəxş edib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov ,YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov,Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Şamaxı rayonu üzrə nümayəndə) Rəfael Tağızadə,tanınmış Şirvan aşığı Aşıq İxtiyar Qocayev milli-mədəni irsimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Söz və səsin ahəngdar vəhdətində muğam və aşıq sənətinin tanınmış nümayəndələri — “Niyal” instrumental ansamblının solistləri: Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Sahibə Abdullayeva, Azərbaycan Aşıqlar Birliyinin üzvü Elman Mehdiyev, eləcə də Qalib Güləliyev, Sabir Abdullayev, Ramil Salmanov, İshaq Mövlamov, İntiqam İbrahimov və Şanel Mustafayev öz ifaları ilə tamaşaçıların qəlblərini fəth edib. Rejissoru Tofiq Babazadə olan “Beytüs-səfa” ədəbi məclisi bu rəngarəng çıxışlarla yaddaşlarda dərin iz buraxıb.
Tədbirə xüsusi rəng qatan qiraətçi Ramiz Zülfüqarlı dahi şairlərimizin ruh oxşayan qəzəllərini səsləndirərək gecəyə dərin məna və zənginlik bəxş edib.
“Milli mənsubiyyətimizin əsas rəmzlərindən olan muğam və qəzəl gecələri xalqımızın mədəni irsinin yaşadılması,təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz rol oynayır. Bu tədbirlərin keçirilməsi milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm körpü funksiyasını yerinə yetirir.






