İsmayıllıda “mygov” platformasının imkanları ilə bağlı maarifləndirici təlim keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində yenilənmiş “mygov” platformasının imkanları, elektron dövlət xidmətlərindən istifadə qaydaları və rəqəmsal xidmətlərin əhali arasında təşviqi ilə bağlı maarifləndirici təlim keçirilib.
Təlimdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, idarə, müəssisə əməkdaşları iştirak ediblər.
Təlim zamanı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal inkişafın sürətləndirilməsi, dövlət xidmətlərinin elektronlaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, müasir texnologiyaların dövlət idarəçiliyinə tətbiqi xidmətlərin daha çevik, şəffaf və əlçatan təşkilinə geniş imkanlar yaradır.
İştirakçılara “mygov” platformasının funksional imkanları, təqdim olunan elektron xidmətlər və tətbiqdən istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, platforma vətəndaşlara bir sıra dövlət xidmətlərindən vahid rəqəmsal mühitdə yararlanmaq, zəruri məlumatlara daha rahat çıxış əldə etmək və vaxtlarına qənaət etmək imkanı yaradır.
Təlimdə platformanın imkanlarının əhali arasında geniş tanıdılmasının, xüsusilə kənd və qəsəbələrdə yaşayan sakinlərin rəqəmsal xidmətlərdən istifadəyə təşviq edilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu istiqamətdə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarının maarifləndirmə işində fəal iştirakı və sakinlərə praktiki dəstək göstərməsi xüsusi əhəmiyyət daşıyır.
Təlim çərçivəsində “mygov” tətbiqinin imkanları praktiki nümunələrlə nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb və platformadan səmərəli istifadə ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, rəqəmsal xidmətlərdən istifadənin təşviqi əhalinin dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, vətəndaş müraciətləri ilə işin daha səmərəli təşkilinə və müasir dövlət idarəçiliyi prinsiplərinin tətbiqinə xidmət edir.






