İsmayıllıda “Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin təbliği” mövzusunda tədbir keçirilib
Fevralın 19-da İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı şəhəri “Məhəmmədiyyə” məscidinin imamı Faiq Soltanov, həmçinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşması və qorunub saxlanılmasında milli-mənəvi dəyərlərin əhəmiyyəti barədə danışılıb. Bildirilib ki, müasir dünyanın qlobal problemlərindən biri sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Qeyd olunub ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Həmçinin gənclərin şəxsiyyət kimi formalaşması və sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.