İsmayıllıda şəhid polkovnik-leytenant Ruslan Tağıyevin anım tədbiri keçirilib
3 noyabr 2025-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində şəhid polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, idarə, müəssisə və təşkilat rəhbərləri, əməkdaşları, rayon ağsaqqalları, şəhidin valideynləri, ailə üzvləri və müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Uşaq-gənclər inkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova açıb. O, şəhidlərin əziz xatirəsini sükutla yad etməyə dəvət edib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra tədbirin bədii hissəsində şəhidin həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Şəhər 3 nömrəli məktəb-liseyin, 6 nömrəli tam orta məktəbin və Aşıqbayramlı kənd tam orta məktəbinin şagirdləri şəhidə həsr olunmuş şeirlər səsləndirib və ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Rəsmi hissədə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı RMX PHŞ-nin direktoru Vidadi Rəhimov, İsmayıllı UADM-nin rəhbəri Lətifə Əliyeva, eləcə də şəhidin müəllimi, sinif yoldaşları və şəhid Lətifli Orxanın anası çıxış edərək, Ruslan Tağıyevin Vətən qarşısındakı xidmətlərindən, qəhrəmanlıq yolundan və gənclər üçün örnək həyatından danışıblar.
Tədbirin sonunda şəhidin valideynləri çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildiriblər. Sonda türk dünyası şəhidlərinə həsr olunmuş kitabı tədbir iştirakçılarına təqdim ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinə göstərilən dərin ehtiramın, onların qəhrəmanlıq yolunun gənc nəsillərə çatdırılmasının bariz nümunəsi kimi dəyərləndirilib.






