İsmayıllıda sözə, qələmə və milli-mənəvi dəyərlərimizə həsr olunmuş unudulmaz tədbir keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda tanınmış jurnalist, araşdırmaçı-jurnalist, publisist Təranə Cəbiyevanın 60 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Babadağın ətəyində dünyaya göz açaraq ömrünü xalqın yaddaşının qorunmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr edən Təranə xanımın həyat və yaradıcılıq yolu tədbirdə geniş işıqlandırılıb.
Müəllifin əsərləri, jurnalistika sahəsindəki fəaliyyəti, bölgə tarixinin, folklorunun və ziyalı irsinin yaşadılması istiqamətində gördüyü işlər xüsusi vurğulanıb.
Tədbirdə İsmayıllı rayonunun ictimai-siyasi və mədəni həyatında mühüm rolu olan qonaqlar Milli Məclisin deputatı Novruzəli Aslanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov şair Baba Vəziroğlu, Hüquq elmləri doktoru, Bakı Dövlət Universitetinin müəllimi Simran Həsənov, Dağlıq Şirvan Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi- Şamaxı rayonu üzrə nümayəndə Rəfail Tağızadənin
çıxışları dinlənilib, videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində Təranə Cəbiyevanın sənət dostlarının ürəkdən gələn təbrikləri yubileyə xüsusi rəng qatıb.
“Tərəqqi” medallı, Əməkdar Mədəniyyət İşçisi Sahibə Abdullayeva və digər sənət adamlarının çıxışları dinlənilib.
Bu görüş bir daha göstərdi ki, sözün işığı heç zaman sönmür. Xalqın yaddaşını yaşadan, milli kimliyimizi gələcək nəsillərə daşıyan ziyalılarımız cəmiyyətimizin ən böyük mənəvi sərvətləridir.






