İsmayıllıda “Uşaqların dəb dünyası” adlı əyləncəli tədbir keçirilib
Məlum olduğu kimi Azərbaycan uşaqların rifahı üçün beynəlxalq konvensiyalara qoşulmuş və bu sahədə mühüm addımlar atmışdır. Hər il iyunun 1-i dünyada olduğu kimi Azərbaycanda da Beynəlxalq Uşaqları Müdafiə Günü qeyd olunmaqla, uşaq hüquqlarının qorunmasına, onların sağlam böyüməsinə və inkişafına xüsusi diqqət yetirilir. İsmayıllıda da 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif tədbirlər və şüarlar altında ənənəvi qeyd edilib.
Bu il ənənəyə sadiq qalmaqla, İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə Uşaq-Gənclər İnkişaf Mərkəzinin zalında "İnsan Hüquqları Aylığı" çərçivəsində və "Uşaqların dəb dünyası" adlı əyləncəli tədbir keçirilib. Tədbirdə uşaqların fəal iştirakı ilə rəngarəng dəb nümayişi təşkil edilib. Xüsusi maraq doğuran məqam isə münsif qismində çıxış edən uşaqların öz həmyaşıdlarının təqdimatlarını qiymətləndirməsi olub. Tədbir boyu uşaqlar maraqlı rəqs nömrələri göstərib, şən mahnılar oxuyub, tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş ediblər.
Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə fəal nümayəndələrinə, Mərkəzin təşkil etdiyi maarifləndirmə tədbirlərində, eləcə də "Uşaqların dəb dünyası" adlı əyləncəli tədbirdə fəal iştirak edənlərə Həmkarlar İttifaqı İsmayıllı rayon təşkilatının və Uşaq Ailələrə Dəstək Mərkəzinin hədiyyələri ilə bərabər təşəkkürnamələri təqdim edilib. Bu cür tədbirlər regionlarda yaşayan uşaqların istedadlarını nümayiş etdirməsi, özünəinamın artması və əyləncəli vaxt keçirmələri üçün xüsusi stimul yaradır.






